Qırmızı monastır və ya Müqəddəs Qriqor monastırı Ağdərə rayonunun Qozlu kəndindən 3 km aralıda, sıldırım qayalıqlı yüksək ərazidə, üç tərəfdən sərt enişlə əhatə olunmuş meşənin içində yerləşən tarixi monastırdır. Qırmızı monastır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Qırmızı monastır ərazisi epiqrafik yazılarla zəngindir. Monastır ərazisindəki kitabələr kilsə və narteksin divarlarına toxunmuş xüsusi daş lövhələrdə, həmçinin portal timpanlarında və xaçdaşlarda qeydə alınmışdır. Həmin kitabələr abidənin ina tarixi ilə bağlı məlumat verməklə yanaşı, həm də özündə Yuxarı Xaçın knyazlarının qarşılıqlı münasibətləri, ərazinin sosial-iqtisadi və siyasi mühiti haqqında dəyərli informasiyaları saxlayır. Abidənin inşa kitabəsi 16 sətirdən ibarət olmaqla, ensiz uzun daş üzərində yazılmış və əsas kilsə binasının şimal divarına hörülmüşdür.