Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356–1357-ci illər), ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı — son tunc və ilk dəmir dövrünə (e.ə. VIII–VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta–təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s. hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda “Qoç və yəhər” şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid “Əsgəran qalası” mövcuddur. Qalanı Qarabağ xanı Pənah xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları “Əsgəran qalası”nda aparılmışdır. Rayonun Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daş qəbirlər var. Rayonun Meşəli kəndi ərazisində — Meydan yaylağında — müqəddəs ziyarətgah “seyid qəbri” (ermənilər tərəfindən dağıdıldı), “Yeddi kilsə” (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e. ə. 807–788-ci illər) adı yazılmışdır. Əsasən eramızdan əvvəl XVII–XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililərdən ibarətdir.