Fəxrəddin Manafov - Teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. O, 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. 16 yaşı olarkən, 1971-ci ildə A. M. Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975–1980-ci illərdə orada ali təhsil almışdır. Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərib. Ona ən çox uğur gətirən teatrda hazırlanan "Şəhriyar" tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur.Fəxrəddin Manafov 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, "Ölsəm… bağışla" və "Təhminə" filmlərindəki rolları gətirmişdir.1 avqust 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.