Baxşı Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür. 1934–1951-ci illər ərzində burada çalışan rejissor 1939-cu ildə Ermənistan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. 1944-cü ildə İrəvanda Vilyam Şekspirin 380 illiyinə həsr edilən VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalında onun hazırladığı "Otello" tamaşası birinci yerə layiq görülür."Şərəf Nişanı" ordeni ilə təltif olunub. 1974-cü ildə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.