İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Orta məktəbi 1979-cu ildə bitirmişdir. O, 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. Xarkov şəhərində xidmətini başa vuran İsmayılov 1984-cü ildə Xocalıya dönüb.1990-cı ildə Xocalı Polis şöbəsində işə düzəlib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə İnqilab İsmayılov döyüşə atılır və döyüşçü yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxarır. O, əhalinin çoxunu Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə dönür.İnqilab İsmayılov fəaliyyətini Ağdam rayon Polis şöbəsinin post-patrul xidmətində davam etdirir. Onun xidmət etdiyi post patrul alayı Daşbaşı yüksəkliyini qoruyurdu. Ermənilər buraya dəfələrlə hücum etmiş, məğlub olaraq geri çəkilmişdir. Hücumlardan biri 12 iyun 1992-ci ildə oldu. Ermənilər 6 dəfə hücum etsələr də, məğlub olub geri çəkildilər. Erməinlərin 6 postu tam məhv edildi. İnqilab İsmayılov bu döyüşdə şəhid oldu. Döyüşçü yoldaşları bir neçə dəfə cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilməmişdilər. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.Bakının Xətai rayonundakı küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır. Həmin küçədə İ. İsmayılovun xatirə lövhəsi vurulub.