Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular. Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada 10 erməni yaraqlısını əsir götürmüşdü. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir. Mixaylonun sonuncu döyüşü Xocalıda fevralın 26-da olub. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.