Əlif Hacıyev

Əlif Hacıyev 1953-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər hava limanın komendantı — rəisi olub. Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər hava limanını zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr verir ki, "filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin".Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat 5-ə qədər düşmənə ciddi müqavimət göstəriblər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi.Avtomatın darağını dəyişərkən erməni gülləsi Əlif Hacıyevin qəlbinə sancılır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

FOTO GALEREYA