Hikmət Xudiyev 1959-cu ildə Xankəndində müəllim ailəsində anadan olub.1981-ci ildə Xankəndi Pedaqoji İnstitutununun tarix fakültəsini bitirdikdən sonra Xankəndindəki Nizami Gəncəvi adına 4 saylı orta və Kərkicahan qəsəbəsindəki 6 saylı səkkizillik məktəbdə tarix müəllimi işləyib. Yaradıcılığına «Şuşa» qəzetindən başlayan Hikmət Xudiyev Hikmət Cəmilzadə imzası ilə qəzetlərdə hekayə və publisistik yazılarla çıxış edib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Hikmət Xudiyev Qarabağ, vətənpərvərlik, yanğın təhlükəsizliyi mövzusunda silsilə plakatların tərtibçisidir. Bir neçə kitab müəllifidir.1993-cü ildə «Qızıl qələm» mükafatı almış Hikmət Xudiyev mətbuatda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2011-ci il tarixli sərəncamı ilə «Əməkdar jurnalist» fəxri adına layiq görülmüşdür.