Akif Əzizov 1943-cü il noyabrın 2-də Ağdərə rayonunun Umudlu kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1960-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1964–1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Akif Əzizov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 1991-ci ildə "Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik bu torpağın elm dünyasına bəxş etdiyi ən parlaq simalardan biridir.