Xankəndi mədəniyyəti

Xankəndi şəhərində bir çox mədəniyyət yerləri olub. Şəhərdə 2 mədəniyyət evi, 2 musiqi məktəbi, 1 rəqs məktəbi, 1 rəsm məktəbi fəaliyyət göstərib.Qarabağda ilk rəqs məktəbi Xankəndi şəhərində 1972-ci ildə istifadəyə verilmişdir. Şəhərdə və onun ətrafında qədim tarixin yadigarları olan kurqanlar da var. Bu ərazilərdə 1890-cı ildə alman əsilli tədqiqatçı-müəllim Emil Resler, 1938-ci ildə isə Azərbaycanda arxeologiya elminin banilərindən olan Yakov Hummel qazıntı-axtarış işləri aparıblar. Xankəndi şəhərində aşkar edilmiş kurqan eramızdan əvvəl III minilliyin əvvəllərinə – ilk Tunc dövrünə və Kür–Araz mədəniyyətinin ilk mərhələsinə aid edilir. Kurqan ailəvi və ya qəbiləyə məxsus dəfn yeri olub. Burada insan meyitinin qalıqları ilə yanaşı, daş kürzlər, mis, xəncər tiyələri, daş həvəngdəstə, ox ucları, sümük alətlər, qızıl muncuq və asmalar, eləcə də heyvan sümükləri aşkar olunub.