Xankəndi haqqında

Xankəndi Qarabağ xanlığı tərəfindən (Xanın kəndi) adıyla XVIII əsrdə qurulub. Bu gözəl yerlər Qarabağ xanlığının xüsusi iqamətgahı olduğu üçün Xankəndi adlandırılıb. Azərbaycanın qədim yurdu olan Xankəndi şəhəri, paytaxt Bakıdan 329 kilometr uzaqlıqda, dağların qoynunda yerləşir. Xankəndi inzibati ərazisinin tərkibinə həm şəhərin özü, həm də Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Xankəndi şəhərinin sahəsi 29,1 km²-dir. Xankəndidə 34 məhəllə olub. Şəhər 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində sentyabrın 29-dan Azərbaycan əsgəri şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı sərəncama əsasən 20 Sentyabr Azərbaycanda Xankəndi şəhəri günüdür. 2026-cı il yanvarın 21-də Xankəndi şəhərinə ilk köç olub.

FOTO GALEREYA