Ürəkvəng monastırı 

Ürəkvəng monastırı Ağdərə rayonunun Talış kəndi yaxınlığında meşəlik ərazidə yerləşən XIII əsrə aid xristian monastır kompleksidir. Qala divarları ilə əhatə edilmiş kompleksdən dövrümüzə kilsə, zəng qülləsi, geniş monastır məzarlığı və çoxsaylı yarımdağılmış vəziyyətdə tikililər çatmışdır. Ürəkvəng monastırının adı Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində çəkilir və onun Mets-Kolmank havarında, Talış kəndinfən şimaldakı meşəlik ərazidə yerləşməsi qeyd edilir. Ərazidəki digər məbədlər kimi Ürəkvəng monastırı da xarici basqınçıların talanlarına məruz qalmış, lakin, narrativ və epiqrafik mənbələrin məlumatına görə hər dəfə bərpa edilmiş və yenidən qurulmuşdur. Monastır kompleksinə kilsə binası, narteks, zəng qülləsi, geniş məzarlıq və digər yarımdağılmış vəziyyətdə olan binalar daxildir. Kilsə və narteks sadə, ciddi memarlıq həllinə malikdir. Kompleksə daxil olan tikililərin divarları kobud işlənmiş nəhəng əhəng daşı bloklarından ucaldılmış, yalnız girişlər və pəncərə yerləri yaxşı yonulmuş daşla çərçivələnmişdir.

TARİXİ ABİDƏLƏR